Загрузка...

"Mahirin ən böyük fanatı anasıdır" - Mədətovla MÜSAHİBƏ

Week.az bildirir ki, Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" klubu ötən gün doğma meydanda Danimakanın "Kopenhagen” komandasını məğlub edib. Oyunun 25-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandıran Mahir Mədətov günün qəhrəmanına çevrilib.

Mahir Mədətovun atası, tanınmış prodüsser Anar Mədətov dünənki oyunla bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.

-Anar bəy, Mahir dünən Azərbaycan xalqına böyük sevinc yaşatdı. Bu gün hamı Mahirdən danışır, onunla bağlı statuslar yazılır. Bununla bağlı fikirlərinizi bilmək istərdik. 

-Bəli, Mahir bizi də çox sevindirdi. Dünənki oyuna görə "Qarabağ” komandasına təşəkkürümü bildirirəm. Mahirin üzərində Qurban Qurbanovun, bundan əvvəl əməkdaşlıq etdiyi "Bakı” klubununun böyük zəhməti var. İnanıram ki, "Qarabağ” Kopenhagendə də layiqli oyun nümayiş etdirəcək. 

-Oyun zamanı hansı hisləri keçirdiniz? Mahirin qol vuracağını gözləyirdinizmi?

- Fəxr edirəm ki, mənim Mahir kimi oğlum var. O, qol vuranda stadionda idim, gözlərim yaşardı. Bir daha fəxr etdim ki, bunu Mahir edə bildi. Oyun qurtarana qədər iki qutu siqaret çəkdim. Çox həyacanlı idim.

Oyun başlayanda bütün qohumlarım, dostlarım "Anar, çox siqaret çəkmə, hər şey yaxşı olacaq" deyirdilər. Mahir meydanda olanda dəhşətli dərəcədə gərgin, həyacan içində oluram. İslam Oyunlarında iki qol vuranadək mən siqaret qutusunun yarısını çəkib qurtarmışdım. Oyundan əvvəl ona bir söz dedim - "Uğurlar! Bu "Qarabağ” üçün bir şansdır, Azərbaycan xalqını sevindirməkdir”. Dedi, "Ata, hər şey yaxşı olacaq”. 
 

 

 

- "Qarabağ”ın qələbə qazanacağına inanırdınız?

-Əlbəttə, ümidimiz vardı. Futboldan başı çıxan dostlarımız var. Onlar oyunu əvvəlcədən müsbət qiymətləndirmişdilər. Müğənni Ədalət Şükürov müsahibə vermişdi ki, "Qarabağ” qalib gələcək, qolu da Mahir Mədətov vuracaq. Görünür, Allah yaxşılıqlarımızın nəsibin verir. 

-Oyundan öncə Mahir də sizin kimi həyacanlı idi?

-Təbii, hər kəsin həyacanı var idi. 

-Qələbəni necə qeyd etdiniz?

-Mahir dünən axşam evə gəldi. Onunla fəxr etdiyimi dedim. Gecə ailəmiz çay süfrəsinə yığışdı, Mahirin anası, nənələri onu təbrik etdilər. Uşaqlığını, məhəllədə necə futbol oynadığını xatırladıq. Bu gün isə saat 11-də Qurban Qurbanov onu yenidən məşqə çağırdı.

-Adətən məşhur futbolçuların xanım fanatları çox olur. Bəs Mahirin necə? 

-Onun ən böyük xanım fanatı anasıdır. Xəstələnməsinə baxmayaraq, oyunu mütləq izləyəcəyini dedi. Mahirin fanatları bir də nənələridir. Onun futbolçu olmasında nənələrinin çox böyük zəhməti var. Zaqatalaya gedəndə ana nənəsi, Bakıya gələndə isə mənim anam Mahiri futbola aparırdı. Nənələr bizdən xəbərsiz Mahiri futbola yazdırmışdı. 

 

 

 -Dəfələrlə müşahidə etmişik ki, futbolçular populyar olandan sonra qanunlara tabe olmağa meyilli olmurlar. Kobud desək, bəzən özlərinə güvənib, hədlərini aşırlar. 

- Mahir Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunlara riayət edən ailənin övladıdır. Biz hər zaman Mahirə nəzarət edirik və dua edirik ki, Allah bizə belə oğul nəsib edib. Mən öz balalarımla fəxr edirəm.

Şahanə Rəhimli

loading...
Загрузка...

Xəbər lenti